Qabil Hüseynli: “Qardaş ölkəni sözdə yox, dövlət səviyyəsində rəsmən müdafiə etməliyik”.
Fransa Milli Assambleyasının qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi bütün türk dünyasını hərəkətə gətirdi. Bu məsələdə türk dünyasının lideri kimi, Türkiyə daha öndə oldu. Türkiyə Fransanın bu addımının qarşılığında bir sıra sanksiyalar tətbiq etməyə başlayıb. Bu tələblərdən biri də Fransanın ATƏT Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması ilə bağlıdır. Türkiyə prezidenti Abdulla Gül Fransanın tərəfsizliyini itirdiyi üçün Misnk Qrupunda qala bilməyəcəyini söyləyib.
Türkiyənin Xarici İşlər Nazirliyi isə qardaş ölkənin ATƏT-dəki Daimi Nümayəndəliyinə bu istiqamətdə təşəbbüs qaldırmaq üçün təlimat verib.
Bəs Azərbaycan Türkiyəyə gözlədiyi dəstəyi verə bildimi?
Mövzu ətrafında danışdığımız politoloq Qabil Hüseynli dedi ki, nə qədər manevrlər edilsə də, Azərbaycan gec-tez Türkiyənin mövqeyindən çıxış etməyə, onunla bərabər addımlamaq məcburiyyətində qalacaq: “Azərbaycan hazırda da Türkiyənin mövqeyini müdafiə edir. Amma hazırda görülən işlər təbliğat xarakterlidir və söz səviyyəsindədir. Amma konkret olaraq parlament, dövlət səviyyəsində Türkiyənin müdafiəsinə ciddi ehtiyac var və bu addım atılmalıdır. Son zamanlar müəyyən versiyalar səsləndirilir. Bunlardan biri də odur ki, Fransa bu işi görməklə Türkiyəni Ermənistanla mövcud olan müqavilələri imzalamağa məcbur etmək istəyir. Eyni zamanda məlum qərarın təsdiqlənmək üçün Senata göndərilməməsi təzyiq göstərmək versiyasının daha geniş yayılmasına səbəb olur. Amma nə olursa olsun, Fransa çox yaramaz və hətta özünün dəyərlərinə zidd olan bir hərəkəti edib, başqa xalqların tragediyası üzərində öz daxili siyasətini qurmağa çalışır. Bizim ən yaxın, strateji müttəfiqimiz olan Türkiyənin üzərinə böhtan atmaqla yanaşı, onun Avropa Birliyinə girməsinin qarşısını almağa çalışır. Belə olan halda Azərbaycan mütləq "bir millət, iki dövlət" prinsipinə uyğun olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir".
Q.Hüseynliyə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, Fransa parlamentinin qərarı hüquqi qüvvəyə minərsə, bu ermənilərin hədsiz dərəcədə güclənməsinə və Dağlıq Qarabağ məsələsində kompromissiz bir mövqe tutmalarına gətirib çıxaracaq: “Bu baxımdan problem həm də Azərbaycanındır. Güman edirəm ki, Azərbaycanın rəsmi strukturları bu məsələni təkcə Türkiyənin deyil, özlərinin də problemi kimi qarşılayıb müvafiq addımlar atacaqlar”.
0 yorum:
Yorum Gönder