Davud Turan |
“Hazırda İranda yaşayan Azərbaycan Türkləri üstünlük təşkil edirlər. Tarix boyu Güney Azərbaycan bölgənin ən strateji və diqqət mərkəzindən olub. Təəssüf ki, beynəlxalq güclər bu potensialı hesaba almaq istəmirlər”. Bu fikirləri Güney Azərbaycanı Sosial və Mədəni Araşdırmalar Mərkəzinin başqanı, hazırda Amerikada yaşayan politoloq Davud Turan bildirib.
Politoloq hesab edir ki, Güney Azərbaycan hesaba almaq istəməyən qüvvələr İran layihəsini uğurla həyata keçirə bilməzlər: “Qısa olaraq onu demək istərdim ki, Güney Azərbaycana diqqətə almayan və bölgəni hesablayan güclər istədikləri siyasəti həyata keçirə bilməzlər”.
İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik təşəbbüsünə gəlincə, Davud Turan bu missiyaya şübhəylə yanaşıb: “İran bu məsələdə səmimi olsaydı, son 20 ildə bircə dəfə Ermənistana təzyiq göstərirdi. Biz bunu İrandan görmədik, əksinə, Ermənistana hərtərəfli siyasi-mənəvi, hərbi-iqtisadi dəstəyin şahidi olduq. Bu gün həmin proses davam edir”.
Politoloqun fikrincə, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir və bunu ciddi səbəbləri var: “Azərbaycan gücləndikcə, bu amil Güney Azərbaycanın milli hərəkatına təsir göstərir. Ermənistana da ona görə yardım edir ki, bu yolla Azərbaycana təsir göstərməyə çalışsın. Dağlıq Qarabağ münaqişəsi həllini tapsa, Azərbaycan dünyada nüfuzu daha da artacaq. Bu isə İrana heç cür sərf etmir”.
Davud Turan İranın Azərbaycanı öz təsir dairəsinə salacağına inanmır: “Bu, qətiyyən mümkün deyil. İran nə indi, nə də gələcəkdə Azərbaycanı öz təsir dairəsinə sala bilməz. İranda elə düşünürlər ki, Azərbaycan 90-ci illərin əvvəllərində olan Azərbaycandır. İndi Azərbaycan öz müstəqilliyini gücləndirən və öz təhlükəsizliyini yüksək səviyyədə qorumağa qadır bir dövlətə çevrilib. Üstəlik, heç kim İranın yalançı bəyanatlarına inanmır. İran öz haqqında dünya müsəlmanlarının haqq və hüquqlarını qoruması ilə bağlı yaratdığı imic boş qutudan başqa bir şey deyil”.
0 yorum:
Yorum Gönder