skip to main |
skip to sidebar
Tanıtdırılmayan Canlı Fateh
Mən hər dəfə "Facebook"a daxil olanda onun səhifəsində yayımladığı yeni şəkillərini görürəm. Təkrarən həvəslə onun virtual şəkil albomlarını izləyirəm. O, canlı əfsanədir. Son iki ilədək onu tanımadığıma görə özümü günahkar sayıram. Bəzən də özümə təsəlli verirəm ki, onu bizə tanıtmayıblar. Qarabağ savaşı zamanı o, Türkiyə'dən beş yüz (500) nəfərlik könüllü döyüşçü ilə ermənilərlə döyüşə gəldi. Qəhrəmanım xüsusi təlim keçmiş bacarıqlı bir döyüşçü idi. Uzun zaman Türk dünyasının dəyərli rəhbərlərindən biri Alp Arslan Türkəş'in cangüdəni olmuşdur. Haqqında danışdığım Yusuf Ziya Arpacık'dır.
Yusuf Ziya Arpacık 1 May 1958 - ci ildə Ərzurumda dünyaya gəlib. Uşaqlıq illərində çox çətin və dözülməz bir həyat sürüb. Öz millətinə, xalqına və tarixinə olan sevgisi onu İstanbul Universitetinin Tarix fakültəsinə gətirib çıxardı. Burada təhsil aldığı vaxtlarda - 1978 - ci il 13 fevralda həbsə düşür. 10 illik həbs müddətinin beş ilini kitablar oxumaqla məşğul olmuşdur. Zəngin biliyə yiyələnən Yusuf Ziya eyni zamanda əcnəbi dilləri də mənimsəmişdir. Zindanda onunla birgə olan əcnəbi məhbuslarla ünsiyyətdə olaraq bu dilləri daha da asanlıqla öyrənə bilmişdir. Həbsdən çıxdıqdan sonra ömrünü türk xalqlarının istiqlaliyyəti uğrunda aparılan mücadilələrdə keçirmişdir. O, 27 il sonra təhsilinə qovuşmuş və diplomunu ala bilmişdir.
Qarabağ savaşı başlandı. Ermənilər rusların köməyi ilə Qarabağda bir-birinin ardınca görünməmiş soyqrımlar həyata keçirir və rayonlarımız işğal olunurdu. SSRİ-dən yenicə ayrılan Azərbaycanın silah-sursatı olduqca zəif, xüsusi təlim keçmiş zabitləri də az idi. Bölgələrdə könüllü dəstələr yaradılır və Qarabağa göndərilirdi. Belə bir vaxtda Azərbaycanın köməyinə Türkiyə gəldi. Rəhmətlik Alp Arslan Türkəşin göstərişi və xeyir - duası ilə Türkiyədən beş yüz (500) nəfərlik könüllü dəstə - Rüzgar Birliyi adlanan qoşun göndərildi. Bu bozqurd dəstəyə Bacarıqlı komandan Yusuf Ziya Arpacık başçılıq edirdi. Ülküçülərin Qarabağa gəldiyi gündən ordumuzda əsaslı bir dönüş yarandı. Onlar Azərbaycanın könüllülərdən ibarət təcrübəsiz döyüşçülərinə təlim keçir, özləri ilə gətirdikləri tibbi ləvazimatlarla yaralılara ilkin tibbi yardım göstərir və eyni zamanda düşmənə qarşı döyüşür, uğurlu əməliyyatlar aparırdılar. Yusuf Ziyanın rəhbərliyi ilə burada Azərbaycan gənclərindən ibarət Şıxov və Ceyrançöl alayları yaradılır. Rüzgar Birliyinin Azərbaycan batalyonları ilə birlikdə apardığı uğurlu əməliyyatlar nədənsə qısqanclıqla qarşılanırdı və qəflətən Rüzgar Birliyi ...
Yusuf Ziya Arpacıq üç əsas tarixi kitab yazıb:
Onun həyatının keçmekeşli anlarından bəhs edən "Başəymədilər"
İraqda Türkmənlərə qarşı 2003 - cü ildə divan tutulan zaman qardaşlarımıza "yalnız deyilsiniz " deyərək köməyə yetmiş və bu döyüş zamanı gördüklərini qələmə aldığı kitab " Yolbaşı"
Qarabağ savaşında gördükləri, erməni vəhşilikləri nəticəsində Azərbaycanın öz torpaqlarını itirməsi haqqında "Qan Firtınası" kitablarıdır.
"Gün doğarkən" və "Osman Batur" kitabları da araşdırmaçılıq baxımından önəmlidir.
Təxminən iki il olar ki, Yusuf Ziya Arpacık Azərbaycana gəlmişdi. Buradakı dostları ilə görüşmüş, Şamaxıdakı Türk əsgərinin qəbrini, Bakıda Türk şəhidlik abidəsini və Şəhidlər xiyabanında uyuyan şəhidlərimizi ziyarət etmişdir. O zaman "Yeni Müsavat" qəzetində Yusuf Hocanın müsahibəsi getmişdir. Jurnalistin - Azərbaycanla ermənilər arasında yenə də müharibə olsa Türkiyədən könüllülər gələcəkmi?- sualına qəhrəmanımız : "Azərbaycanda savaş olsa, dünya hərb tarixi yenidən yazılacaq. Ermənilər ona görə hesablarını bilsinlər. Çəkilib getsinlər Qarabağdan. Başlarını bəlaya soxmasınlar" cavabını vermişdir.
Çox istərdim onun haqqında geniş bir məqalə yazım. Onun haqqında kitablar yazılsa belə azdır. Ümid edirəm ki, yaxın zamanlarda qəhrəmanımın kitablarını əldə edərək oxumaq şansım olacaq və o zaman daha geniş bilgiyə sahib biri kimi geniş məqaləmi oxuculara təqdim edəcəm.Şəhla Cabbarlı - 29 Şubat 2012 oxucu.info
1 yorum:
men de Yusif reisi sevenlerden biriyem
Yorum Gönder